ADB Qafqaz və Mərkəzi Asiya regionu üçün iqtisadi artım proqnozunu artırıb
- 14 dekabr 2022
Asiya İnkişaf Bankı (ADB) Qafqaz və Mərkəzi Asiya (CCA) regionu üzrə 2022-ci il üçün iqtisadi artım proqnozunu 3,9%-dən 4,8%-ə qaldırıb, 2023-cü il üçün proqnozunu isə 4,2% saxlayıb.
banks.az xəbər verir ki, bu barədə ADB-nin “Asiyanın inkişaf perspektivləri” adlı hesabatının dekabr sayında bildirilir.
"2022-ci il üçün artıma doğru düzəliş subregionun bir çox ölkələrində güclü artımı əks etdirir, çünki Rusiyanın Ukraynaya təcavüzünün nəticələri indiyə qədər faydalı olub. Rusiya iqtisadiyyatı gözləniləndən daha yaxşı inkişaf edib, subregiondakı ölkələrdən Rusiyaya ixrac yüksək olaraq qalıb. Karbohidrogen ixracatçıları (Azərbaycan, Qazaxıstan, Türkmənistan) enerji daşıyıcılarının yüksək qiymətlərindən, subregiondakı bir sıra ölkələrin iqtisadiyyatları isə Rusiyadan insan və pul axınından faydalanıblar”, - deyə hesabatda qeyd olunub.
Sənədə əsasən, ADB Azərbaycan üzrə iqtisadi artım proqnozunu dəyişməyib - 2022-ci ildə 4,2%, 2023-cü ildə 2,8%.
Bank qeyd edir ki, Azərbaycan iqtisadiyyatı 2022-ci ilin ilk 9 ayında 5,6% artıb və bu, tikinti, istehsal və xidmət sahələrində güclü artımı əks etdirir.
“Rusiya ilə sıx iqtisadi əlaqələrə baxmayaraq, Qazaxıstan iqtisadiyyatı 2022-ci ilin ilk 3 rübündə cəmi 2,8% artıb. Xəzər Boru Kəməri Konsorsiumunun Rusiyadan keçən ixrac marşrutunun davam edən təmiri neft ixracını məhdudlaşdırıb. Noyabrın əvvəlinə olan duruma görə, konsorsium 60% azaldılmış güclə işləyib”, - deyə hesabatda bildirilir.
Müvafiq olaraq, ADB Qazaxıstan üçün yenilənmiş artım proqnozlarını artıma doğru korrektə etməkdən çəkinib və onları 2022-ci il üçün 3%, 2023-cü il üçün 3,7% səviyyəsində saxlayıb.
"Ermənistanda Rusiya vətəndaşlarının və iş adamlarının böyük axını ilə özəl istehlakda, xüsusən də xidmətlər sferasında əhəmiyyətli artım müşahidə olunur. İqtisadiyyat 2022-ci ilin ilk 9 ayında 12,6% artıb. Gürcüstanda da ikirəqəmli artım davam edib və sentyabrda 10,2%-ə çatıb. Ermənistanda olduğu kimi, Gürcüstanda da artım əsasən Rusiyadan gələn axınlar hesabına yüksək istehlak xərcləri ilə əlaqədar olub. Ötən ilin sentyabr ayı ilə müqayisədə daxil olan pul köçürmələrinin sayı 65%, köçürmələrin məbləği isə 4 dəfə artıb. Rusiyalı miqrantların gəlişi ilə turizm gəlirləri bərpa olunub və 2019-cu ildə qeydə alınan rekord səviyyəyə yaxınlaşıb”, - deyə hesabatda qeyd olunub.
2022-ci ilin yanvar-oktyabr aylarında Qırğızıstan iqtisadiyyatı yenə də Rusiyadan turistlərin, fəhlələrin və müəssisələrin axını ilə, xüsusən də sentyabrın 21-də Rusiyada qismən səfərbərlik və hərbi xidmətə çağırış elanından sonra insanların axını, habelə əhəmiyyətli pul köçürmələri ilə dəstəklənərək 7% böyüyüb. 2022-ci ilin ilk 9 ayında Özbəkistan iqtisadiyyatı 5,8% artıb, çünki mövsümi işçi miqrantların gəlməsi ilə ilkin gəlir profisiti 2,5 dəfə artıb. ADB-nin məlumatına görə, Tacikistanda iqtisadiyyat 7,8% artıb, sənaye artımın əsas mühərriki olub.
- Teqlər:
- iqtisadiyyat